ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını idarə etməyi öyrətməyə imkan verən yeni effektiv üsulun axtarışı ilə məşğuldurlar. Eksperiment çərçivəsində kompüter alqoritmləri məşqlərinə kompüter oyun həvəskarları cəlb olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, ali məktəbin layihəsi üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency – DARPA) tərəfindən 316 min dollar məbləğində qrant ayrılıb. İyirmi beş könüllüdən ibarət komanda videooyunlar oynayacaq, tədqiqatçılar isə onların beyin dalğalarını və göz hərəkətlərini öyrənəcək.
Bildirilir ki, üstünlük yüksək dəqiqlik və sürətli reaksiya tələb edən "StarCraft" və "Company of Heroes" kimi real vaxt rejimində strategiyalara veriləcək. Alimlərin vəzifəsi insanların nə üçün bu və ya digər qərarlar qəbul etməsini və onların çoxlu hərbi bölmələrin yerdəyişməsinin koordinasiyasının öhdəsindən necə gəlməsini müəyyənləşdirməkdən ibarətdir.
"Biz süni intellektin insanın davranışını imitasiya etməsini deyil, sistemin insanların hərəkətlərinin arxasında nəyin dayanması haqqında daha dərin anlayış formalaşdırmasını istəyirik. Məhz bu, daha mütərəqqi süni intellektin yaradılmasına gətirib çıxaracaq", – layihə rəhbəri Souma Çoudxuri bildirib.
Kompüter oyun həvəskarlarının başına baş-beyin qabığından daxil olan elektroensefaloqrafiya siqnallarını qeydə alan cihazlar taxılacaq, gözlərin hərəkətinin izlənilməsi ilə yüksəksürətli kameralar məşğul olacaq. Eksperiment zamanı toplanılan məlumatlar 250-dək avtonom hava və yerüstü robotu idarə edən süni intellektin yaradılmasında tətbiq ediləcək.
Nizam Nuriyev