"Mastercard" şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi yaradıb. Mərkəz sənaye, dövlət sektoru və tənzimləyici orqanlar arasında informasiya təhlükəsizliyi sahəsində regional əməkdaşlıq və innovasiyaların inkişafı ilə məşğul olacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews." resursuna istinadən yazır ki, yeni qurum "Mastercard" üçün Şimali Amerikadan kənarda fəaliyyət göstərən ilk mərkəz olacaq. Şirkət bu sahədə fəaliyyət göstərən mütəxəssisləri ödəmə ekosisteminin Avropada qarşılaşdığı təhlükələrlə mübarizəyə cəlb etmək niyyətindədir.
Məlumata görə, yeni bölmə Avropa İttifaqının tərkibinə daxil olan ölkələrin kibertəhlükəsizlik üzrə milli agentlikləri, sahə üzrə qurumları, hüquq-mühafizə orqanları və mərkəzi bankları ilə əməkdaşlıq edəcək. Şirkət nümayəndələrinin fikrincə, yeni mərkəz daxili kibertəhlükəsizlik bölmələri, kənar müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflər arasında rabitə əlaqəsini qısaltmağa xidmət edəcək.
Həmçinin qeyd olunur ki, yeni bölmə sayəsində "Mastercard" kibertəhlükəsizlik sahəsində müxtəlif qlobal hadisələrə reaksiyanın verilməsi üçün vaxtı azaltmaq kimi bir sıra üstünlüklər əldə edəcək. Bundan başqa, şirkət Avropa ərazisində kibercinayətkarlıqla birgə mübarizə üçün hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün baza səviyyəsini müəyyənləşdirmək niyyətindədir.
Nizam Nuriyev