Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O, məlumatların qəbulu və ötürülməsi üçün yüksək buraxılış qabiliyyətinə və əlavə dörd kanala malik “IEEE 802.11ad” standartının təkmilləşdirilmiş versiyasıdır. Bu barədə Yaponiyanın “Mac Otakara” bloqunun məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 60 giqaherslik diapazondan istifadə edən yeni “Wi-Fi” standartı hazırda hazırlanma mərhələsindədir. Yeni standartın ultraqısa diapazonda işləyəcəyi bildirilir. Bu, ondan iki “iPhone” və bilavasitə yaxınlıqda olan digər “Apple” məhsulları arasında bağlantı üçün mümkün istifadəsindən xəbər verir.
Maraqlıdır ki, 2018-ci ildə internetdə “Apple” şirkətinin qoşulma üçün “802.11ay” standartından istifadə edəcək əlavə reallıq (AR) və virtual reallıq (VR) qarnituru üzərində çalışması barədə informasiya dərc edilib.
Bununla belə, “Bloomberg” agentliyi nüfuzlu mənbələrə istinadən “Apple” şirkətinin yaxın gələcəkdə AR/VR qarniturların buraxılışını planlaşdırmaması barədə informasiya yayıb. Bu sahə üzrə şirkətə məxsus texnologiyaların ənənəvi olaraq payızda təqdim ediləcək yeni “iPad Pro” planşetlərində və “iPhone” smartfonları seriyasında tətbiq ediləcəyi gözlənilir.
Nizam Nuriyev