“LG” şirkəti “Q51” adlı modelini təqdim edərək orta qiymət diapazonundakı smartfonlar çeşidini genişləndirib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 6,5 düymlük ekrana malik aparat 2,0 QHs maksimal takt tezlikli 8 nüvəli “MediaTek Helio P22” prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaş (“microSD” kartı vasitəsilə artırmaq mümkündür) ilə təchiz edilib. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Modelin özəlliyi “MIL-STD-810G” hərbi standartına uyğun hazırlanmasıdır: temperatur fərqinə, yüksək nəmişliyə və günəş şüalarının təsirinə qarşı dayanıqlıdır.
Qurğunun arxa tərəfində quraşdırılmış kamera modulu 13 meqapiksellik əsas, 5 mp-lik genişbucaqlı optika və 2 mp-lik dərinlik datçikindən ibarətdir. Ön paneldə kəsik sahəsində quraşdırılmış selfi kamera 13 meqapiksel təsvir ölçüsündə şəkillər çəkmək imkanına malikdir.
İstehsalçının məlumatına görə, “LG Q51” smartfonu “DTS:X 7.1” çoxkanallı səslənmə texnologiyasını dəstəkləyir. Biometrik identifikasiya metodu kimi arxa qapaqda yerləşdirilmiş barmaq izləri skaneri nəzərdə tutulub. “Google”un səs assistentini çağırmaq üçün xüsusi klaviş var. Bundan başqa, smartfon alış-verişin haqqını təmassız ödəməyə imkan verən NFC çipi ilə təchiz edilib.
Emil Hüseynov