Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq


Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat bazaları şəbəkəsi qurmağı planlaşdırır. “The Intercept” jurnalistlərinin sərəncamında olan daxili sənədlərə görə, məlumat bazalarında vətəndaşların sifətlərinin şəkilləri saxlanılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, on Aİ ölkəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hazırlanan məruzədə əlaqəli şəkildə fəaliyyət göstərən məlumat bazasını mümkün qədər tez yaratmağa imkan verən yeni Avropa qanunvericiliyinin yaradılmasının zəruriliyi qeyd olunur. Məruzə ötən ilin noyabrında məsul şəxslər tərəfindən müzakirə edilib. Artıq qanun layihəsi üzərində hazırlıq işinin aparıldığı bildirilir.

 

Məlumata görə, məruzə Şengen Konvensiyasının sifət təsvirlərinə mümkün şamil edilməsi ilə bağlı aparılan müzakirələr çərçivəsində təqdim olunub. Onun müəllifləri Avropolu Aİ-yə daxil olmayan ölkələrlə biometrik məlumatların mübadiləsinə kömək etməyə çağırırlar. Potensial baxımdan birlikdə fəaliyyət göstərən məlumat bazası şəbəkəsi ABŞ-a da şamil edilə bilər.

 

Şengen müqaviləsi 2005-ci ildə yeddi Aİ ölkəsi tərəfindən terrorizm, transsərhəd cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün transsərhəd əməkdaşlığın genişləndirilməsi haqqında imzalanan konvensiyadır. Konvensiya operativ informasiyanın, eləcə də potensial təhlükəli şəxslərin daktiloskopik və genetik məlumatlarının mübadiləsini nəzərdə tutur.

 

Nizam Nuriyev






28/02/20    Çap et