“Counterpoint Technology Market Research” şirkəti tədqiqat apararaq 2019-cu ildə dünya bazarına çıxarılan on ən populyar smartfondan doqquzunun “Apple” və “Samsung” tərəfindən buraxılmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, satış həcminə görə birinci yeri 3,0 faiz payla “iPhone XR” qurğusu tutub. İkinci pillədə 2,1 faiz nəticə ilə daha bir “Apple” smartfonu” – “iPhone 11” modeli qərarlaşıb. Liderlər üçlüyünü bazarda 1,8 faiz paya sahib çıxan “Samsung Galaxy A50” tamamlayıb.
Bundan başqa, onluğa “Samsung Galaxy A10” (1,7 faiz), “OPPO A5” (1,3 faiz), “Apple iPhone 8” (1,2 faiz), “Samsung Galaxy A20” (1,1 faiz), “Apple iPhone 11 Pro Max” (1,1 faiz), “Apple iPhone 7” (1,1 faiz) və “Apple iPhone XS Max” (1,0 faiz) kimi modellər daxil olub.
Qeyd etmək lazımdır ki, müxtəlif smartfonlara tələbat satış regionundan asılıdır. Məsələn, ötən il Avropa bazarında ən populyar model sahə üzrə 5 faizlik paya malik “Galaxy A50” olub. İkinci və üçüncü mövqelərdə müvafiq olaraq 4 və 3 faizlik göstərici ilə “iPhone XR” və “iPhone 11” yer alıb.
Əlavə edək ki, digər analitik şirkət – “Strategy Analytics”in hesablamasına görə, 2019-cu ildə smartfonların tədarükü ümumilikdə 1,41 milyard ədəd səviyyəsində olub. Bu, dünya bazarının həcminin 1,43 milyard ədəd qiymətləndirildiyi 2018-ci illə müqayisədə 1 faiz azdır.
Nizam Nuriyev