"Wi-Fi 7" standartının bir sıra texniki xüsusiyyətləri və ilkin tətbiqi müddəti məlum olub.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Wi-Fi 5" standartının maksimal buraxılış qabiliyyəti 3,5 Qbit/saniyə təşkil edir. "Wi-Fi 6" vasitəsilə qurğular qoşulan zaman məlumatların ən yüksək ötürmə sürəti 9,6 Qbit/saniyəyə çatır. "Wi-Fi 7"də isə bu məhsuldarlıq göstəricisi üç dəfə çoxdur – yeni standartı dəstəkləyən vahid şəbəkədə işləyən elektron qurğular videonu 30 Qbit/saniyə sürətlə ötürə biləcək.
Aparıcı şirkətlərin və yeni simsiz standartların tətbiqinə nəzarət edən "Wi-Fi Alliance" təşkilatının planına görə, "Wi-Fi 7" 2023-cü ildə işə salınacaq. Texnologiya məlumatları yüksək sürətlə ötürməklə yanaşı, bir sıra əlavə funksiyalar əldə etməyə imkan verəcək. Belə ki, "Wi-Fi 7" vasitəsilə insanın vəziyyətinə nəzarət etmək mümkün olacaq: onun tənəffüs tezliyini və fiziki baxımdan olduğu yerini müəyyənləşdirəcək. Bu həll tənha həyat sürən ahıl insanlar üçün xüsusilə aktuallıq kəsb edir.
Bundan başqa, yeni standartın insanın olduğu yeri dəqiqliklə müəyyənləşdirə bilməsi "ağıllı" ev elementlərini daha da avtomatlaşdırmağa imkan verəcək. Simsiz şəbəkə istifadəçinin qapı qarşısında olmasını tanıyaraq dərhal qıfılın açılma mexanizmini işə salacaq. Şəbəkə təqribən 4 ildən sonra tətbiq ediləcəyinə baxmayaraq artıq "Wi-Fi 7" standartının məxfilik və təhlükəsizlik məsələləri ilə məşğul olacağı xüsusi qrup yaradılıb.
Nizam Nuriyev