“Xiaomi” şirkətinin törəməsi “Black Shark” yeni qabaqcıl smartfonlar seriyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, ən güclü proqram təminatı ilə təchiz edilən qurğu iki versiyada buraxılıb: “Black Shark 3” 6,67 düym diaqonallı, “Black Shark 3 Pro” isə 7,1 düym diaqonallı ekranla təchiz edilib. Hər iki smartfon 270 giqahers takt tezlikli sensor qatlı və 24 millisaniyə reaksiya tezlikli “OLED” matrisaya malikdir. Daha yaxşı idarəetmə üçün ekran dörd basılma gücünə həssas zona ilə təchiz edilib.
“Black Shark 3” smartfonu beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Snapdragon 865” prosessoru, 8-12 giqabaytlıq operativ yaddaş və 256 giqabayt quraşdırılmış yaddaşla təchiz olunub. Qurğunun arxa panelində 64, 13 və 5 meqapikselli üç kamera yerləşir. Qurğular, həmçinin 20 meqapikselli ön kamera, stereodinamik və qulaqcıq üçün çıxışa malikdir.
Modellər ekran ölçüsü ilə yanaşı, akkumulyator tutumuna görə fərqlənir. Əsas “Black Shark 3” smartfonu 4720, “Pro” versiyası isə 5 min milliamper/saat tutumlu batareya ilə təchiz olunub. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 65 vatt gücündə sürətli enerjidoldurma ilə qurğunu 38 dəqiqəyə doldurmaq mümkündür.
Səkkiz giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı “Black Shark 3” smartfonunun qiyməti 3,5 min yuan, 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı əsas versiyanın isə 4 min yuan təşkil edəcək. Səkkiz giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı “Black Shark 3 Pro” qurğusu 4,7 min yuana satışa çıxarılacaq. On iki giqabaytlıq operativ yaddaşlı versiya 5 min yuan dəyərində qiymətləndirilib.
Smartfonlar seriyası ilkin olaraq martın 3-dən Çin ərazisində satışa çıxarılıb. Oyun qurğusunun “Pro” versiyasının martın 10-da buraxılması nəzərdə tutulur. Qlobal satış müddəti barədə məlumat verilmir.
Məlumat üçün qeyd edək ki, “Black Shark” oyun həvəskarları üçün nəzərdə tutulan və yüksək məhsuldarlığı ilə seçilən “Xiaomi” smartfonlar seriyasıdır. Qurğular seriyasının buraxılışına 2018-ci ildə başlanılıb. Hazırda “Black Shark” ayrıca bölmə kimi fəaliyyət göstərir. Seriyaya aid sonuncu qurğu 2019-cu ilin martında işıq üzü görən “Black Shark 2” smartfonu olub.
Nizam Nuriyev