Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəzarət kassa aparatlarının elektron qeydiyyatına başlanılıb


Vergilər Nazirliyi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi ilə bir sıra mühüm layihələrin həyata keçirilməsini davam etdirir.

 

Xüsusilə bu, Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanından sonra daha da sürətlənmiş, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişlənmişdir.

 

2011-ci il iyulun 1-dən etibarən fərdi sahibkarların elektron qeydiyyatına başlanılmış, elektron ödəniş sisteminin yaradılması, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı və digər elektron xidmətlərlə bağlı işlərin yerinə yetirilməsi sürətləndirilmişdir.

 

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bildirmişlər ki, bunun davamı olaraq hazırda nazirlikdə nəzarət-kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ərizələrinin elektron formada vergi orqanına təqdim edilməsi layihəsi üzərində zəruri işlər başa çatdırılmışdır.

 

Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi Natiq Şirinovun bildirdiyinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nağd pul hesablaşmaların aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergiödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının quraşdırılması vəzifəsi təsbit olunmuşdur.

 

Bu günədək vergi orqanları tərəfindən vergiödəyicilərinin kağız formada təqdim etdikləri ərizələr əsasında 80 mindən çox nəzarət-kassa aparatının qeydiyyata alınması təmin edilmişdir.

 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması Qaydaları”na əsasən, nəzarət-kassa aparatlarının ölkədə istifadəsinə onun dövlət reyestrinə daxil edilməsindən sonra icazə verilir.

 

Fəaliyyət növünə görə bu aparatların tətbiqindən azad edilməmiş hər bir vergiödəyicisi müvafiq qeydiyyat üçün ərizə ilə vergi orqanına müraciət etməlidir.

 

Yeni layihə barədə məlumat verən N.Şirinov nəzarət-kassa aparatlarının qeydiyyat ərizələrinin vergi orqanına elektron formada həm vergiödəyicisi, həm də servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsinin nəzərdə tutulduğunu demişdir. Bu dəyişikliklərə qədər vergiödəyicisi qeydiyyat sənədlərində uyğunsuzluq olmadıqda ərizə ilə müraciət etdikdən 2 gün ərzində qeydiyyata alınırdı.

 

Bundan sonra vergiödəyicisi qeydiyyat vərəqəsinin alınması və kassa aparatının plomblanması üçün yenidən vergi orqanına gəlməli idi. Nəzarət kassa aparatının (NKA) plomblanması isə 3 gün ərzində həyata keçirilirdi.

 

“Vergi orqanlarında vergiödəyicilərinin uçotunun aparılmasına dair metodiki göstəriş”lərə edilmiş yeni dəyişikliklərə əsasən, vergiödəyicisi internet vasitəsilə nəzarət kassa aparatının qeydiyyata alınması ilə bağlı ərizə məlumatlarını sistemə daxil edir və proqram tərəfindən avtomatik olaraq onların düzgünlüyü yoxlanılır.

 

Bu halda hər hansı kənarlaşma olduqda vergiödəyicisinin ekranına müvafiq mesajlar verilir. Ərizə məlumatlarında kənarlaşmalar olmadıqda kassa aparatı qeydiyyata alınır və Vergilər Nazirliyinin operativ nəzarət həyata keçirən strukturuna məlumat ötürülür.

 

Həmin məlumat əsasında vergi əməkdaşı nəzarət kassa aparatının quraşdırıldığı ünvana gedərək onu plomblayır. Bundan sonra vergiödəyicisinin elektron qutusuna avtomatik olaraq qeydiyyat vərəqi göndərilir. N.Şirinov qeyd etmişdir ki, yenilik nəticəsində qeydiyyat üçün sərf olunan 2 günlük müddət praktiki olaraq 15-20 dəqiqəyədək azalmışdır.

 

Bundan başqa, NKA-nın plomblanması üçün vergiödəyicisinin vergi orqanına gəlməsinə ehtiyac qalmır, bunu vergi əməkdaşları ödəyicinin ünvanına getməklə həll edirlər. Nəzarət kassa aparatlarının qeydiyyat ərizəsinin servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsi isə qeydiyyat prosesinin daha da sadələşməsinə imkan vermişdir.

 

Qeydiyyatla bağlı bütün işləri vergiödəyicisi ilə müqavilə bağlamış bu qurumlar həyata keçirir. Ümumiyyətlə, elektron qeydiyyat zamanı vergiödəyicisi vergi orqanına gəlmir, qeydiyyat sənədlərinin düzgünlüyü insan amili olmadan sistem tərəfindən yoxlanılır ki, bu da vergiödəyicisinin vaxta qənaət etməsinə şərait yaradır.

 

Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə e-xidmətlərin tətbiqi sahəsində işlər davam etdirilir.






30/11/11    Çap et