Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rekord güclü kvant kompüter hazırlanır


ABŞ-ın “Honeywell” sənaye korporasiyası rekord gücə malik kvant kompüterin hazırlanması ilə məşğuldur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Honeywell” kompüteri kvant informasiyanı elektromaqnit sahələr və lazer impulsları vasitəsilə qorunan ionlaşdırılmış atomların köməyi ilə saxlayır.

 

Bildirilir ki, yaradılmış prototip 16 ədəd kvant tutumuna malikdir, lakin ilin ortalarında mütəxəssislər tərəfindən minimum 64 ədəd həcmə malik qurğunun təqdim edilməsi planlaşdırılır. Onların sözlərinə görə, bu, mövcud rəqiblərdən iki dəfə çoxdur. Belə xarakteristika böyük kvant sxemləri analoqlardan daha yaxşı və dəqiq tətbiq etməyə imkan verəcək.

 

Hazırda kvant kompüterlər sahəsində ən böyük nailiyyət “Google” şirkəti tərəfindən “Sycamore” prosessorunun yaradılması hesab edilir. 2019-cu ildə qurğu hesablamaları ən mütərəqqi superkompüterdən daha tez aparıb.

 

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə, kubitlərdən istifadə edir.

 

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

 

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

 

Nizam Nuriyev






10/03/20    Çap et