Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” dünyada “bulud” biznesini genişləndirir


“Google” şirkəti 2020-ci il martın əvvəlində daha 4 regionda məlumat mərkəzi açmaq planını açıqlayıb. İnternet nəhəngi bu layihə ilə “Google Cloud” istiqamətinin inkişafını davam etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni məlumat mərkəzləri Dehli (Hindistan), Melburn (Avstraliya), Toronto (Kanada) və Dohada (Qətər) açılacaq. Nəticədə “Google”un dünyadakı “bulud” regionlarının ümumi sayı 26-ya bərabər olacaq.

 

Şirkət Dohadakı layihəsinə xüsusi diqqət ayırıb, belə ki, “Google” ilk dəfə Yaxın Şərqdə strateji razılaşma imzalayacaq.

 

“Google Cloud” xidməti artıq Hindistan, Avstraliya və Kanadada fəaliyyət göstərir, amma yeni məlumat mərkəzləri şirkətə hər ölkədə coğrafi nöqteyi-nəzərdən iki ayrı region təklif etməyə imkan verəcək. Şirkət müştərilərinə ölkə ərazisində məlumatların bərpası üçün daha çox imkan yaratmağa, onlara məlumatların saxlanılması və təhlükəsizlik tələblərinə cavab verməkdə kömək etməyə çalışır.

 

2019-cu ildə “Google Cloud”un gəliri 2018-ci illə müqayisədə 1.5 dəfə artaraq 8,9 milyard dollar təşkil edib.

 

Emil Hüseynov






11/03/20    Çap et