"TheBestVPN" şirkəti son iyirmi ildə boşluqlara ən çox həssas əməliyyat sistemlərinin siyahısını tərtib edib. Tədqiqatçılar ABŞ Milli Standartlar və Texnologiyalar (NIST) İnstitutunun məlumatlarından istifadə ediblər. Bu barədə şirkətin saytında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, 1999-2019-cu illərdə mütəxəssislər tərəfindən "Linux Debian" əsaslı 3067 boşluq aşkarlanıb. İkinci yerdə "Android", üçüncüdə "Linux Kernel" qərarlaşıb. Boşluqlara ən çox həssas əməliyyat sistemləri beşliyini "Mac OS X" və "Ubuntu" tamamlayıb. Müasir dövrün ən populyar əməliyyat sistemlərindən biri olan "Windows 7" 10-cu pillədə yer alıb.
Bundan başqa, analitiklər tərəfindən son bir ilin ən çox həssas sistemlərinin siyahısı dərc edilib. Təhlükəsizlik problemi ilə bağlı 414 bildirişlə birinci yeri "Android", ikinci və üçüncünü "Debian Linux" və "Windows Server 2016" tutub.
Ekspertlər qeyd edib ki, "Microsoft" sistemləri bazarda ən populyarlardan biridir, lakin onların heç biri ilk beşliyə daxil ola bilməyib. Mütəxəssislər bunu "Debian", "Linux" və digər əməliyyat sistemlərinin "Windows" ilə müqayisədə nisbətən gənc layihə olması və proqram tərtibatçıları arasında maraq doğurması ilə izah ediblər. Bu səbəbdən "Debian" bir neçə gün ərzində aradan qaldırılan boşluqlar haqqında çoxlu rəylər toplayır.
Ən çox həssas proqram təminatı istehsalçılarının ümumi reytinqində birinci yeri "Microsoft" tutub. Son on ildə şirkətin məhsulları sistemdəki problemlər barədə 6814 bildiriş alıb. İlk beşliyə, həmçinin "Oracle", "IBM", "Google" və "Apple" şirkətləri daxildir. Bununla yanaşı, hər "Microsoft" məhsulu üçün boşluqların sayı 13 təşkil etdiyi halda "Linux" əsaslı hər əməliyyat sistemi təhlükəsizlik problemi ilə bağlı 140 rəy alıb.
Nizam Nuriyev