Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 12” smartfonunun əsas xüsusiyyəti açıqlanıb


Növbəti “Apple” smartfonu üçölçülü sensor kamera ilə təchiz ediləcək. “iPhone 12” modelinin əsas xüsusiyyəti barədə istehsal mənbələrinə istinadən “Fast Company” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Face ID” sifət skanerinə quraşdırılan sensor tipli “3D” kamera qurğunun arxa panelində yerləşəcək və bir neçə funksiyanı yerinə yetirəcək. Məsələn, sensor fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq və əlavə reallıq dəstəyi üçün kadr dərinliyini daha dəqiq ölçəcək. “iPhone 12” üçün üçölçülü sensorların yaradılması ilə “Face ID” biometrik sensoru üçün komponent hissələrin tədarükçüsü qismində çıxış edən “Lumentum” şirkəti məşğul olacaq.

 

Məlumata görə, aktual “iPhone” modellərində sensorlar istifadəçinin sifətinin skan edilməsi və dağınıq fonda portret rejimli fotoşəkillərin yaradılması üçün istifadə edilir. Jurnalistlər qeyd edib ki, “3D” sensorlara rəqib şirkətlərin qurğularında, məsələn, “Samsung Galaxy S20 Ultra” modelində rast gəlmək mümkündür. Lakin “iPhone” istehsalçısı yeni sensorlardan əlavə reallıqla əlaqədar, prinsipcə, yeni funksiyalar üçün istifadə edə bilər. “Fast Company” nümayəndələrinin sözlərinə görə, ABŞ şirkətinin əlavə reallıq sahəsinə marağı “3D” eynək üzərində işlərin aparılması barədə şayiələrin yayılmasına əsas verir.

 

Jurnalistlərin fikrincə, xüsusi “3D” kamera istifadəçilərə öz qurğuları vasitəsilə xüsusi rəqəmli kontent yaratmağa imkan verəcək. Məsələn, insanlar üçölçülü təsvirləri sosial şəbəkədə yerləşdirərək onlarla işləyə biləcəklər. Nəşr xatırladıb ki, yeni kamera ilə yanaşı, “iPhone 12” beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) iş üçün dəstəklə təchiz ediləcək.

 

Yaponiya insayderlərinin məlumatına görə, növbəti “iPhone” yüksəksürətli “Wi-Fi” dəstəyinə malik olacaq. “IEEE 802.11ay” adlanan yeni standart 60 giqahers takt tezliyində işləyir və məlumatları saniyədə 40 giqabit sürətlə 500 metr məsafəyədək ötürməyə imkan verir. Yeni texnologiyanın “Apple” qurğuları arasında informasiyanın ötürülməsi üçün istifadə ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev






13/03/20    Çap et