Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aİ-də elektron qurğuların dizaynında dəyişiklikləri nəzərdə tutan qanun qəbul ediləcək


Avropa İttifaqında smartfon, planşet və noutbuk istehsalçılarını buraxılan məhsulun təmiri və təkrar istifadəsini sadələşdirməyə məcbur edən qanunun qəbul ediləcəyi gözlənilir. Bu təşəbbüs təkrar istifadə edilən elektronika həcminin artırılması üzrə proqram çərçivəsində irəli sürülüb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, Avropa Komissiyası təmiri, sıradan çıxan batareyasının dəyişdirilməsi və ya modernləşdirilməsi çətin olan təkrar istifadə edilən elektronikanın payını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Hazırda Aİ-də elektron tullantıların təxminən 40 faizi təkrar emal edilir.

 

“Təmir hüququ” adlanan yeni təşəbbüs smartfon, planşet və noutbuk istehsalçılarını texniki standartlara qanunvericilik səviyyəsində riayət etməyə məcbur edəcək. Texniki standartlara görə, qeyd olunan elektron qurğular növü dəyişdirilən və təmirə yararlı komplekt hissələrdən ibarət olmalıdır.

 

Qeyd etmək lazımdır ki, qanunun qəbulu texnoloji şirkətləri buraxılan məhsulların dizaynında köklü dəyişikliklər etməyə məcbur edəcək. Bundan başqa, qanunvericilik istehsalçılardan onların məhsullarının təmirə yararlılıq və davamlılığına aid informasiyaya asan çıxış əldə etmək üçün imkan yaradılmasını tələb edəcək. Qanun Aİ-yə üzv ölkələr və Avropa Parlamenti tərəfindən təsdiq edildikdən sonra qəbul ediləcək.

 

Nizam Nuriyev






13/03/20    Çap et