İsraildə koronavirusla mübarizə üçün antiterror texnologiyaları tətbiq ediləcək
İsrail koronavirus epidemiyasının yayılmasının qarşısının alınmasına yönələn tədbirlər sırasında antiterror texnologiyalarından istifadəni planlaşdırır. Bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu Yerusəlimdə mətbuat konfransında bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, onun sözlərinə görə, tezliklə terrorçuluqla mübarizə üçün tətbiq edilən texnologiya və rəqəmli vasitələrdən istifadəyə başlanılacaq. O, belə tədbirlərin istifadəçilərin şəxsi həyatın toxunulmazlıq hüququnu poza biləcəyi üçün Ədliyyə Nazirliyinə razılıq üçün müraciət etdiyini əlavə edib.
İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin-Bet) hazırda B.Netanyahunun və Səhiyyə Nazirliyinin sorğusuna əsasən koronavirusla mübarizə üçün öz texnoloji vasitələrindən mümkün istifadənin araşdırılması ilə məşğul olduğunu təsdiqləyib.
İsrailin Vətəndaş Hüquqları Assosiasiyasının məxfilik üzrə eksperti Avner Pinçukun fikrincə, tədbirlərə real vaxt rejimində karantini pozan koronavirusa yoluxmuş xəstələrin mobil telefonlarının izlənilməsi və onların hərəkətinin və kontaktlarının müəyyənləşdirilməsi üçün metaməlumatların toplanılması daxil olacaq.
Şin-Bet nümayəndələrinin sözlərinə görə, karantin rejiminin təmin edilməsi ilə bağlı məsələ müzakirə olunmayıb və koronavirusa yoluxanların izolyasiyası üzrə göstərişlərə əməl olunması üçün bu texnologiyalardan istifadəyə ehtiyac yoxdur.
Nizam Nuriyev