Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü qeyd olunub


Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq 23 ildir ki, dünyada qeyd olunur. Məqsəd kompyuterdə saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin həllinin önəmliyini istifadəçilərin, proqram vasitələri istehsalçılarının, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompyuter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə saldı.

 

İlk kompyuter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə bəşəriyyətin kompyuter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar.

 

Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat xarakteri daşıyırdı. Morris yaratdığı proqramın davamlığını təcrübədən keçirmək istəyirdi.

 

Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompyuter üzrə eksperti isə hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin “Hesablama texnikası” fakültəsinin aspirantına güzəşt edərək, “alim”ə üç il şərti cəza kəsdi.

 

Həmin ildə Kompyuter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan etdi. Hər il ənənəvi olaraq bu assosiasiyanın təşəbbüsü ilə informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.






01/12/11    Çap et