Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar koronavirusun yayılmasından istifadə edirlər


"ESET" antivirus həlləri tərtibatçısı "COVID-19" koronavirus infeksiyasının yayılması şəraitində kibercinayətkarların fəaliyyətinin aktivləşməsi barədə xəbərdarlıq edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, fırıldaqçılar cəmiyyətdə hökm sürən təşvişli əhval-ruhiyyədən istifadə edərək saxta məktublar, xeyriyyə aksiyaları və elanlar vasitəsilə qurbanın pulunu ələ keçirirlər.

 

"ESET" tərəfindən bir neçə belə sxem təsvir olunub. Onların ən əsası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri adından saxta elektron məktubların göndərilməsi ilə əlaqədardır. Guya virus haqqında məxfi və ya vacib informasiyanın alınması üçün linkə keçid etməyi təklif edən cinayətkarlar istifadəçilərin ödəniş məlumatlarını oğurlayır və onların hesablarına çıxış əldə edirlər.

 

Digər populyar senari koronavirusdan ziyan çəkənlərə yardım adı altında saxta xeyriyyə aksiyasıdır. Çində uşaqlar üçün infeksiyadan vaksinin axtarışı məqsədilə ianə etməyə çağıran fırıldaqçılar qurbanın maliyyə informasiyasını asanlıqla ələ keçirirlər.

 

Bununla yanaşı, tibbi maska və əl üçün antiseptik məhlulların satışı haqqında saxta elanların sayında artım müşahidə olunur. Böyük Britaniyada cinayətkarlar bu üsulla təkcə fevralda 800 min funt-sterlinq oğurlayıblar.

 

Ekspertlər tərəfindən daha diqqətli olmaq və xüsusilə ÜST-ə aid olmayan "@who.com", "@who.org" və "@who-safety.org" ünvanlarından gələn saxta məktubları açmamaq tövsiyə edilir. Həmçinin "ESET" tərəfindən epidemiya ilə mübarizə üçün vəsait toplanışına yönələn bütün kampaniyalardan yayınmaq və şəxsi və ya ödəniş məlumatlarının istənildiyi məlumatlara əhəmiyyət verməmək məsləhət görülür.

 

Nizam Nuriyev






17/03/20    Çap et