Bu gün “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika və sosial vərdişlər” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirin təşkilatçıları qismində YUNESKO, Azərbaycan Respublikasının Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri çıxış edirlər.
Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin informasiya kommunikasiya texnologiyaları (İKT), pedaqoji və sosial sahələrdə başlıca kompetensiyaları əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Tədbir İKT-nin təhsildə tətbiqi sahəsində elmi tədqiqatların nəticələrinin və ən yaxşı təcrübələrin müzakirəsi və akademik birlik nümayəndələri və siyasi xadimlər arasında konstruktiv dialoqun yaradılması üçün foruma çevriləcək. Konfransda 20-dən çox xarici ekspertin və 60 yerli mütəxəssisin iştirakı planlaşdırılır.
Plenar iclaslar və müzakirələr formasında keçiriləcək tədbirdə əsas müzakirə mövzusu müəllimlərin İKT sahəsində kompetensiyaları və peşə biliklərinin artırılması, açıq təlim resursları və texniki peşə təhsilində İKT-nin rolu olacaq.
Konfrans çərçivəsində “Azərbaycanda peşə təhsilinin inkişafı” üzrə YUNESKO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulub.