Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların, orta məktəblərə şagirdlərin qəbulu elektron qaydada aparılacaq. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, artıq Nazirlər Kabineti uşaq və şagirdlərin müəssisələrə qəbulunun elektron ərizələrlə aparılmasını təhsil sahəsində elektron xidmət növü kimi təsdiqləyib.
Rzayeva hazırda bu prosesin tətbiq olunması üzrə işlərin aparıldığını söyləyib. "Hələ ki, bu prosesin tətbiq olunması üzrə işlər aparılır. Onun nə zamandan tətbiq ediləcəyi bilinmir.
Yəqin ki, gələn ilin əvvəlindən bu işə başlamaq olar. Amma bu da hələ dəqiq deyil", - rəis müavini əlavə edib. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların, orta məktəblərə şagirdlərin qəbul olunması üçün valideyn elektron qaydada müraciət edəcək.
Həmin müəssisələr bu məsələyə baxacaq və daha sonra valideynlə əlaqə yaradılacaq. "Bu sistem hələ tam işlənilməyib. İlkin prosesə başlanıldıqdan sonra bu prosesin necə olacağını daha dəqiq demək mümkün olacaq", - Rzayeva qeyd edib. O, bu işin ilkin olaraq, pilot ərazilərdə həyata keçiriləcəyini də vurğulayıb.