Prosessor smartfonun "ürəyi" hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. Buna görə çipset istehsalçıları daima bir-biri ilə rəqabət aparırlar. "Counterpoint Research" şirkətinin araşdırmasına görə, "Samsung" öz rəqibi "Apple"ı sıxışdıraraq bu seqmentdə möhkəmlənməyə nail olub.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Apple" korporasiyası uzun müddət mobil prosessor istehsalçıları arasında üçüncü yeri tutub, amma 2019-cu ildə onun göstəriciləri 0,5% azalaraq bazar payı 13,1%-ə enib. Eyni zamanda "Samsung" şirkəti öz mövqeyini 2,2% artıraraq bazar payını 14,1%-ə çatdırıb.
Mobil prosessorların satış həcminə görə "Qualcomm" (33,4%) və "MediaTek" (24,6%) lider olaraq qalırlar. Analitiklərin fikrincə, bu il "MediaTek" şirkəti öz mövqeyini möhkəmləndirmək üçün yaxşı şansa malikdir. Belə ki, "Samsung" öz ucuz "5G" telefonları üçün daha çox "MediaTek" çipindən istifadə etməyi planlaşdırır.
Emil Hüseynov