Ölkəmizdə “Elektron Hökumət”in formalaşması davam edir. Bu barədə açıqlama verən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanan Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün işlər aparılır.
O bildirib ki, bu çərçivədə artıq “e-imza” istismara verilib. Həmçinin, dövlət orqanlarının öz aralarında informasiya mübadiləsi etməsi üçün infrastruktur yaradılıb. Elektron xidmətlərdən biznes qurumlarının, vətəndaşların istifadə etməsi üçün “E-Hökumət” portalı formalaşdırılıb.
”Hal-hazırda bu portalın daxilində “e-xidmət”lərin cəmləşdirilməsi dövlət strukturlarının bu prosesə qoşulması davam edir. Artıq 10 dövlət qurumu bu layihəyə xidmət göstərmək, iki qurum isə hələlik bu xidmətlərdən istifadəçi kimi qoşulub. Müraciətlər çoxdur”.
“E-Hökumət” portalına qoşulmaq istəyən dövlət qurumlarının çox olduğunu bildirən nazir müavini yaxın vaxtlarda bütün mərkəzi icra hakimiyyəti orqanlarının bu sistemə qoşulacağını deyərək iki ay ərzində portalın tam şəkildə formalaşacağına əmin olduğunu söylədi.