Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq


“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı prosessorlarla təchiz etməyə başlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “TF International Securities” şirkətinin nüfuzlu analitiki Min Çi Kuonun fikrincə, “ARM” çipləri “MacBook” qurğularının rəqabət üstünlüyünü xeyli artıracaq, eləcə də “Apple” şirkətinə prosessor xərclərini 40-60 faiz azaltmağa imkan verəcək.

 

Bununla yanaşı, analitikin proqnozuna görə, 2022-ci il “MacBook” noutbuklarında “USB4” protokolu dəstəyi tətbiq ediləcək. Gələcək modellər üçün “USB” kontrollerlərin eksklüziv tədarükçüsü qismində Tayvanın “ASMedia Technology” şirkəti çıxış edəcək.

 

Bildirilir ki, “Intel Thunderbolt 3” protokoluna əsaslanan “USB4” protokolu “USB 3.0” (5 Qbit/saniyəyə qarşı 40 Qbit/saniyə) ilə müqayisədə 8 dəfə və müasir “USB 3.2 Gen 2x2” spesifikasiyasından 2 dəfə daha çox buraxılış qabiliyyətini təmin edəcək. Bundan başqa, “USB4” bir kabel vasitəsilə “MacBook” qurğularına 2 ədəd “4K” və ya 1 ədəd “5K” monitor qoşmağa imkan verəcək.

 

“Apple” şirkətinin “Intel” həllərindən imtina edərək “ARM” arxitekturalı öz çiplərinə keçəcəyi ilə bağlı şayiələr bir neçə ildir yayılıb. “Mac” kompüterlərinin spesifikasiyası nəzərə alınmaqla hazırlanan ilkin versiya şirkətə aparat təminatının yenilənməsi və daha dəqiq sazlanması baxımından daha çevik olmağa imkan verəcək.

 

Bir müddət əvvəl Min Çi Kuo bildirib ki, “ARM” çipləri ilk dəfə bu il buraxılacaq yeni “iPhone” modellərinə quraşdırılacaq.

 

Nizam Nuriyev






30/03/20    Çap et