Çexiyanın İnformatika, Robotexnika və Kibernetika İnstitutunun mütəxəssislərinin hazırladığı çoxdəfəli respiratorlar lazımi təhlükəsizlik sertifikasiyasından keçib. Üçölçülü çap texnologiyası vasitəsilə istehsalı təklif olunan “CIIRC RP95-3D” respirator maskaları “FFP3” mühafizə səviyyəsinə (qatışıqları 99 faizədək təmizləyir) uyğundur.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, mütəxəssislərin əsas ideyası sərəncamında “MultiJet Fusion” çap texnologiyasından istifadə edən “3D” printerlər olan şirkət və fərdi şəxslərə göndəriləcək respirator maketinin yaradılmasıdır. Onun fərqləndirici cəhəti hazır məhsulun istehsal sürətini artırmağa imkan verən şırnaqlı massivlərin köməyi ilə formalaşan toz termoplastlarından istifadədədir.
Bildirilir ki, lazımi maket mütəxəssislər tərəfindən bir həftəyə hazırlanıb. Respiratorların istehsalına başlamaq üçün lazım olan sənədlərin institutun saytından pulsuz yüklənməsi təklif olunur.
Mütəxəssislər qeyd edir ki, hazırda “MultiJet Fusion” çap texnologiyası məhdud sayda Çexiya müəssisələri tərəfindən istifadə olunduğundan onlar “CIIRC RP95-3D” respiratorunun ənənəvi litium presləmə texnologiyası vasitəsilə istehsal ediləcək versiyasının hazırlanması ilə məşğuldurlar. Bu, çoxlu şirkətlərə hazır respirator maketindən istifadəyə və nəticədə 10 min ədəd gündəlik istehsala imkan verəcək.
Qeyd olunur ki, respiratorun əsas xüsusiyyətlərindən biri çoxdəfəlikdir. Cihazın təmizlənməsi üçün onu yuyucu vasitələrlə dezinfeksiya etmək və filtrləri dəyişmək yetərlidir.
Nizam Nuriyev