Kibertəhlükəsizlikdə ixtisaslaşan "Herjavec Group" şirkətinin baş direktoru Robert Eryaves koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə evdən işləyənləri haker hücumları barədə xəbərdar edib. O, hücumlardan qorunma üsulları barədə "CNBC" telekanalına müsahibədə məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, fişinq hücumlarının təhlükəsi barədə danışan şirkətin baş direktoru cinayətkarların istifadəçilərə müxtəlif resurslara keçidlərin olduğu məktublar göndərməsini qeyd edib. Onun sözlərinə görə, onlara keçid edən qurbanlar hakerlərə öz məlumatlarını ələ keçirməyə imkan yaradır.
O, istifadəçiləri koronavirus mövzusu haqqında olan məktublara xüsusi diqqət və böyük şübhə ilə yanaşmağa çağırıb. Təhlükəsizlik üzrə mütəxəssis keçid etməmişdən əvvəl linkləri yoxlamağı da tövsiyə edib. O qeyd edib ki, linkə keçid etməzdən əvvəl kursoru onun üzərinə yönəltmək lazımdır: o, məktubda əks olunan şəkildə göstərilməsə, bu link fişinq hücumu xarakterlidir.
Videokonfranslar üçün populyar "Zoom" proqramından istifadə edənlərə isə R.Eryaves təhlükəsizlik quraşdırmalarını dəyişməyi, məsələn, parol əlavə etməyi tövsiyə edib. Bundan başqa, o, evdən işləyən və şirkətlərin şəbəkələrindən məsafədən yararlanan istifadəçilərə ondan iş üçün istifadə edilməyən zaman bağlantının ayrılmasının vacib olmasını xatırladıb.
Nizam Nuriyev