Çinin “Xiaomi” şirkətinə məxsus “Redmi” brendi ev istifadəsi üçün yeni marşrutlayıcı təqdim etməyə hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu “AX1800” kod adı ilə göstərilir. Söhbət “Wi-Fi 6” və ya “802.11ax” standartını dəstəkləyən marşrutlayıcının hazırlanmasından gedir. Yeni standart “802.11ac Wave-2” standartı ilə müqayisədə simsiz şəbəkənin nəzəri buraxılış qabiliyyətini iki dəfə artırmağa imkan verir.
Məlumata görə, yeni “Redmi” qurğusu haqqında informasiya Çinin “China Compulsory Certificate” (3C) sertifikatlaşdırma saytında yerləşdirilib. Bu isə routerin rəsmi təqdimatının tezliklə baş tutacağından xəbər verir.
Qeyd edək ki, “Xiaomi” şirkəti bu yaxınlarda “Wi-Fi 6” marşrutlayıcısı olan “AX3600” qurğusunu nümayiş etdirib. Qurğu 2,4 və 5 QHs tezlik diapazonlarında iş imkanını təmin edən “Qualcomm IPQ8071” çipindən istifadə edir. Ən yüksək məlumat ötürmə sürəti 1,7 Qbit/saniyə təşkil edir.
“Redmi AX1800” routerinin texniki xüsusiyyətləri hələlik açıqlanmasa da, onun qiyməti 90 dollara bərabər “Xiaomi AX3600” modelindən ucuz olacağı bildirilir.
Nizam Nuriyev