Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” ilk tətbiqi kvant kompüter yaradan startapa investisiya qoyub


“Microsoft” şirkəti bir neçə ildir kvant kompüterlər üzərində çalışır. Ötən il şirkət kvant hesablamaları üçün tam işlək “Azure Quantum” açıq “bulud” ekosistemini təqdim edib, eləcə də kvant hesablamaları ideyasının inkişafı üçün “Quantum Network” cəmiyyətini istifadəyə verib. Bu dəfə isə “Microsoft” korporasiyası dünyada ilk tətbiqi kvant kompüter yaratmaq istəyən “PsiQuantum” startapına investisiya yatırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “PsiQuantum” startapının məqsədi 1 milyon kubit gücündə dünyanın ilk tətbiqi kvant kompüterinin yaradılmasıdır. Onun əsasını informasiyanı ayrı-ayrı fotonlardan istifadə etməklə emal edən silisium çiplər təşkil edəcək. Bu isə o deməkdir ki, kvant kompüterin hər bir komponenti adi noutbuk və ya smartfonlar kimi eyni fabrikdə hazırlanır və eyni istehsal xətlərində yığılır.

 

Startap yarımkeçirici istehsalı və kvant hesablamalarının bütün sahələrində iş təcrübəsinə malik 100-dən çox mühəndisdən ibarət komanda toplayıb.

 

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə, kubitlərdən istifadə edir.

 

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

 

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

 

Nizam Nuriyev






08/04/20    Çap et