Messencerlərin populyarlaşmasına baxmayaraq, elektron poçt xidmətləri əvvəlki kimi əsas internet ünsiyyət üsullarından biri olaraq qalır. Lakin elektron poçt xidmətlərinin əsas çatışmazlığı zəhlətökən spamlardır. “OnMail” xidmətinin yaradıcıları daxil olan məktublar üzərində tam nəzarət funksiyasını elan ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Edison Software” şirkəti @onmail.com poçt domenini elan edib. Bu elektron poçt xidmətində arzuolunmaz məktubların bloklanması funksiyası reallaşdırılacaq. “Permission Control” funksiyasının köməyi ilə istifadəçi arzuolunmaz göndərənlər tərəfindən məktubların çatdırılmasına qadağa qoya bilər. Zəhlətökən göndərmələr “Spam” adlı ayrı bir qovluqda yerləşdirilməyəcək. Göndərən şəxsin qara siyahıya əlavə edilməsindən sonra ondan göndərilən məktublar heç vaxt elektron poçt sahibinə çatdırılmayacaq.
Zərurət olduqda kontaktı blokdan çıxartmaq mümkün olacaq, idarəetmə ünvan kitabçası üzərindən həyata keçiriləcək. Xidmətin digər özəllikləri arasında tərtibatçılar böyük tutumlu bərkitmələr, məktubların sürətli çatdırılmasını qeyd edirlər. Həmçinin bir sıra digər faydalı funksiyalar elan edilib. Brauzer interfeysindən başqa “iOS” və “Android” üçün mobil versiyalar da elan edilib. Domenin istifadəyə verilməsi 2020-ci ilin yayına planlaşdırılıb.
Emil Hüseynov