Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) dünya ictimaiyyətinin koronavirus pandemiyası ilə apardığı mübarizəyə dəstək nümayiş etdirmək üçün işçi qrupu yaradıb. Bu barədə təşkilatın saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, təşkilatın baş direktoru Fabiola Canottinin sözlərinə görə, “CERN” elementar hissəciklər fizikası və onunla əlaqədar texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı dünya laboratoriyasıdır. Burada çoxlu resurslar, o cümlədən Böyük Adron Kollayderinin məlumatlarının emalı və saxlanılması üçün qlobal hesablama infrastrukturu, müxtəlif mexaniki emalatxanalar, mürəkkəb qurğuların layihələndirilməsi və prototiplərin yaradılması üçün sexlər cəmləşib. “Biz COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək üçün resurs və biliklərimizdən istifadə etmək istəyirik”, – “CERN”in baş direktoru qeyd edib.
Məlumata görə, martın sonunda yaradılan işçi qrupa dezinfeksiyaedici vasitənin istehsalından tutmuş, mürəkkəb tibbi avadanlığın layihələndirilməsi və hazırlanmasınadək yüzlərlə ideya daxil olub.
Bildirilir ki, artıq təcili yardım briqadaları arasında bölüşdürüləcək bir ton dezinfeksiyaedici gelin istehsalı üzrə təşəbbüsün icrasına başlanılıb. Bundan başqa, “CERN” qoruyucu avadanlığın, o cümlədən, regionun hüquq-mühafizə orqanları üçün maskaların istehsalında öz sex və üçölçülü çap imkanlarından istifadə edir. Həmçinin təşkilat nümayəndələrinin sözlərinə görə, hazırda vaksinin axtarışı üçün tədqiqatlar aparılır.
Nizam Nuriyev