“Virtual hackathon”a qeydiyyat bu gün başa çatır
"Global Virtual Hackathon" müsabiqəsində iştirak üçün qeydiyyat bu gün Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.
Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşır.
"Virtual hackathon" yeni koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək dünyada bu virusa qarşı mübarizə metodlarının axtarışı, iş yerlərinin distant fəaliyyət rejiminə keçməsi ilə əlaqədar təşkil olunub.
İştirak etmək istəyənlərə "Ən həssas və risk qrupunda olanlara dəstək", "Texnologiya və səhiyyə", "Kiçik və orta biznesə dəstək", "Fiziki məsafə və sosial əlaqə", "Məlumatlılığı artırmaq, müvafiq davranışı formalaşdırmaq və ictimaiyyətin rəyini nəzərə almaq", "Texnologiya və təhsil", "Texnologiya və mühəndislik", "Gündəlik həyatda texnologiya" və digər bu kimi istiqamətlər üzrə həllərin təqdim olunması təklif edilir.
Müsabiqəyə qoşulmaq üçün "
www.hackcov19.com" saytına daxil olaraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat üçün qısa forma doldurulmalıdır. Müraciət formasına müddəti maksimum bir dəqiqə olan, mövcud həll yolundan bəhs edən video yüklənilməlidir. Bu videolar sosial media platformalarında da yayımlanacaq.
Müsabiqəyə qoşulanlar mentorlarla işləyərək həll yollarını yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edəcəklər.
Seçilən iştirakçılar üçün müsabiqəyə sabahdan start veriləcək. 12 aprel tarixində keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.
Münsiflər heyətinin yekun qərarı təklif olunan həll yolunun effektivliyi, eləcə də ideyanın yerli, regional və beynəlxalq səviyyədə nə dərəcədə asan və tez tətbiq oluna biləcəyi amilləri əsasında formalaşacaq.
Qeyd edək ki, birinci yerin sahibinə 5 min ABŞ dolları, ikinci yerin qalibinə 3 min ABŞ dolları və üçüncü yeri tutana isə 2 min ABŞ dolları məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.