Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada koronavirus xəstələri ilə kontaktların izlənilməsi üçün mobil proqram hazırlanır


Fransa koronavirusun yayılması ilə mübarizədə rəqəmli texnologiyalardan istifadə edən ölkələr siyahısına daxil olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Le Monde” nəşrinin məlumatına görə, fransalı mütəxəssislər xəstələrlə kontaktların izlənilməsi üçün nəzərdə tutulan “StopCovid” adlı mobil əlavənin yaradılması üzərində çalışırlar. Proqram yoluxma zəncirinin aşkarlanması üçün “Bluetooth”dan istifadə edəcək və istifadəçinin yanında xəstə insanın olması barədə xəbərdar edəcək.

 

Bildirilir ki, mobil əlavə üzərində işləyən Fransa hökuməti vətəndaşların məlumatlarının məxfiliyini maksimum qorumaq niyyətindədir. Məsələn, hakimiyyət “Pan-European Privacy-Preserving Proximity Tracing” layihəsi ilə sıx əməkdaşlıq edir. Layihə iştirakçıları Avropanın məlumatların mühafizəsi sahəsində qanunvericiliyini pozmadan “COVID-19” daşıyıcıları ilə kontaktların izlənilməsi üçün standartın hazırlanması ilə məşğuldurlar.

 

Lakin bununla belə, mobil proqram hüquq müdafiəçilərinin narahatlığına səbəb olub. Hazırda “StopCovid” əlavəsinin mərkəzləşdirilmiş olacağı – istifadəçi məlumatlarının bir yerdə saxlanacağı barədə məlumat verilmir.

 

Mobil proqramın prototipinin 3-6 həftə sonra buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev






10/04/20    Çap et