Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcək qabaqcıl “Samsung” planşeti iki ölçüdə buraxılacaq


"Samsung" şirkəti gələcək qabaqcıl "Galaxy Tab S" planşetlərini iki ölçü variantında təklif etməyə başlayacaq. Bu barədə "SamMobile" resursunun məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qabaqcıl səviyyəyə aid hazırkı "Samsung" planşeti – "Galaxy Tab S6" qurğusu 2560 × 1600 piksel təsvir ölçülü 10,5 düym diaqonallı "Super AMOLED" ekran və "S Pen" qələm dəstəyi ilə təchiz edilib.

 

Məlumata görə, növbəti nəsil qabaqcıl "Samsung" planşetinin "Galaxy S20" smartfonları kimi "Galaxy Tab S20" adı ilə təqdim ediləcəyi gözlənilir. Hazırlanan yeni qurğunu 12,4 və 11 düym diaqonallı displeylə olmaqla iki ölçüdə əldə etmək mümkün olacaq.

 

Bildirilir ki, birinci modifikasiya "SM-T97x" kod adı ilə göstərilir. Məsələn, "SM-T970" və "SM-T975" versiyaları layihələndirilir: onlardan biri yalnız "Wi-Fi", ikincisi isə "Wi-Fi" və mobil rabitə dəstəyi ilə təchiz olunacaq.

 

11 düymlük qurğular isə "SM-T87x" adlanacaq. Mobil rabitəni dəstəkləyən və dəstəkləməyən versiyaların buraxılacağı gözlənilir.

 

Yeni qabaqcıl planşetlərin rəsmi təqdimatının cari ilin ikinci rübündə keçirilməsi nəzərdə tutulur. Kompüterlər "Android 10" əməliyyat sistemi ilə tədarük ediləcək.

 

Nizam Nuriyev






11/04/20    Çap et