Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows 7” üçün “Edge” brauzerinin dəstəklənmə müddətini uzadıb


“Microsoft Edge” brauzeri bu yaxınlarda dünyanın ikinci populyar brauzeri elan edilib və dəstəklənən texnologiyaların sayına görə lider adlandırılıb. Proqramın daha bir özəlliyi “Windows 7” daxil olmaqla köhnə platformaları dəstəkləməsidir. Tərtibatçılar əməliyyat sisteminin aktual versiyasından istifadə etməyən istifadəçilər üçün proqramın dəstəklənmə müddətinin uzadılmasını elan ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft”un bəyanatına görə, “Chromium” mühərriki əsasında hazırlanmış “Edge” brauzeri 15 iyul 2021-ci ilədək “Windows 7”, “Windows Server 2008 R2”, həmçinin “Windows 10” (1709 və LTSC), “Windows Server 2012” və “Windows 8.1” istifadəçilərinə əlçatan olacaq. Lakin “Microsoft” şirkəti yenə də əməliyyat sisteminin versiyasını yeniləməyi israrla tövsiyə edir.

 

"Biz 15 iyul 2021-ci ilədək “Windows 7” və “Windows Server 2008 R2” sistemlərində “Microsoft Edge” brauzerinin işini dəstəkləyəcəyik. Amma bu əməliyyat sistemləri daha dəstəklənmir və “Microsoft” şirkəti “Windows 10”a keçməyi tövsiyə edir. “Edge” brauzeri sizi internetdə təhlükələrdən qorusa da, kompüteriniz təhlükələrə açıq ola bilər" – “Microsoft”un nümayəndəsi deyib.

 

Emil Hüseynov






13/04/20    Çap et