Çinin populyar “Master Lu” saytı 2020-ci ilin birinci rübü üçün ən məhsuldar smartfonların yekun reytinqini tərtib edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, saytın versiyasına görə, ən məhsuldar qurğu testin nəticələrinə əsasən 535 514 bal toplayan “Nubia Red Magic 5G” oyun smartfonu olub. İkinci yeri “OPPO Find X2 Pro” (508 178), üçüncünü “Xiaomi Black Shark 3 Pro” (497 767) tutub. Qabaqcıl “Samsung Galaxy S20 ” və “S20 Ultra” smartfonları reytinqin müvafiq olaraq dördüncü və beşinci pilləsində qərarlaşıb.
Mobil platformalar reytinqində lider həm mərkəzi prosessor, həm də qrafik sürətləndiricinin hesablama gücünə görə rəqib həlləri böyük fərqlə üstələyən “Qualcomm Snapdragon 865” seçilib. İkinci və üçüncü mövqelərdə “Snapdragon 855 Plus” və “Kirin 990 5G” yer alıb.
“Android” sistemli qurğuların qrafik interfeyslərinin reytinqi də ayrıca tərtib olunub. Burada ən sürətli interfeysə malik olmaqla 183,27 ballıq göstərici ilə “OPPO Find X2 Pro” birinci yeri tutub. Oxşar nəticəni (181,94) “Huaweı Mate 30 Pro” modeli də nümayiş etdirib. Liderlər üçlüyünü 173,51 bal toplayan “Nubia Red Magic 5G” tamamlayıb.
Nizam Nuriyev