2018-ci ilin ortalarında təqdim edilmiş “TikTok” proqramı dünyada ən populyar mobil tətbiqlərdən biri olaraq yükləmələrin sayına görə “WhatsApp” messencerini ötüb. Koronavirus pandemiyası sözügedən platformanın populyarlığının artmasına səbəb olub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, insanlar evdə oturmaq məcburiyyətində olduqları üçün smartfonla daha çox vaxt keçirməyə başlayıblar. Qısamüddətli gülməli videoların dərc edildiyi “TikTok” sosial şəbəkəsi karantin zamanı bir çox istifadəçilər üçün təsəlli olub. Məsələn, fevralın sonuna olan statistikaya görə, “Google Play”də üçüncü ən populyar pulsuz proqram olmuş “TikTok” artıq martda ikinci yerə yüksəlib. İndi məlum olub ki, proqram 1 milyard dəfə yüklənilib.
Qeyd etmək lazımdır ki, Çinin sosial şəbəkəsi “Google Play”dən yükləmələrin sayına görə liderlərdən hələ geri qalır. Reytinqdə “Chrome”, “YouTube”, “Drive” və “Gmail”, həmçinin “Facebook” və “WhatsApp” kimi xidmətlər qərarlaşıb. Bu mobil tətbiqlər 5 milyard dəfədən çox yüklənilib. Lakin “TikTok” indiki artım sürəti ilə tezliklə liderlərin sırasına qoşulmaq imkanına malikdir.
Emil Hüseynov