Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OnePlus 8 Pro” qabaqcıl smartfonu təqdim edilib


"OnePlus" şirkəti iki yeni smartfonunu təqdim edib: "OnePlus 8 Pro" və "OnePlus 8". Çin istehsalçısı hələ yanvarda öz növbəti smartfonu üçün ekran haqqında məlumat vermişdi. "Fluid Display" tipli OLED panelin texniki xüsusiyyətləri "Samsung Galaxy S20"nin ekranından geri qalmır: o, "QHD " təsvir ölçüsünə, 6,78 düymlük diaqonala və 120 Hers yeniləmə tezliyinə malikdir ki, bu da "Android"in interfeysinin animasiyasını və görüntünü daha canlı və parlaq edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, bundan başqa, avtomatik parlaqlıq xüsusiyyətinin işini yaxşılaşdırmaq üçün datçiklər əlavə edilib. Qabaqcıl smartfon "OxygenOS" interfeysli "Android" sisteminin idarəetməsi altında işləyir. Şirkətin rəsmisi deyib ki, 120 herslik displeyin yaxşılaşdırılmış dəstəyi üçün 280 "yeni optimallaşdırma" tətbiq edilib.

 

"OnePlus 8 Pro" modeli "Qualcomm Snapdragon 865" prosessoru, 12 QB əməli yaddaş (LPDDR5) və 256 QB UFS 3.0 fləş yaddaş ilə təchiz edilib. Aparat "IP68" reytinqinə malikdir. Bu o deməkdir ki, cihazın korpusu toz və suya qarşı dayanıqlıdır, onu 1,5 metrədək dərinlikdə suda 30 dəqiqə saxlamaq olar.

 

Yeni smartfon 4 kameraya malikdir: 48 meqapiksel (mp) əsas obyektiv, eyni təsvir ölçülü genişbucaqlı obyektiv, televik (3 qat hibrid və 30 qat rəqəmli zum) və rəngli filtri olan əlavə datçik.

 

30 vattlıq "Warp Charge" simsiz enerjidoldurma texnologiyası 30 dəqiqə müddətində akkumulyatorun tutumunu (4510 milliamper/saat) 50% doldurmağa imkan verir.

 

Daha sadə model olan "OnePlus 8" aparatı 6,55 düymlük 90 hers yeniləmə tezliyinə malik displey, "Snapdragon 865" prosessoru və üç kamera (48 mp-lik əsas, 16 mp-lik genişbucaqlı və 2 mp-lik makro) ilə təchiz edilib. Bundan başqa, bu model "IP68" reytinqinə və "Warp Charge" dəstəyinə malik deyil.

 

Emil Hüseynov






15/04/20    Çap et