Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi MIIIW Air 85” klaviaturası təqdim olunub


“Xiaomi” şirkəti “MIIIW Air 85 Bluetooth Dual-mode” adlı kompakt simsiz klaviatura təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “MIIIW Air 85” modelinin korpusu küncləri yumru düzbucaqşəkilli kompakt form-faktorda (sağ tərəfdə rəqəmli düymələr bloku olmadan) hazırlanıb. Qurğunun qalınlığı 7,8 mm təşkil edir. Bununla yanaşı, klaviatura mətnin rahat yığılması və barmaq yorğunluğunun azaldılması üçün səkkiz dərəcə enişə malikdir. “MIIIW Air 85” qara, ağ və çəhrayı olmaqla üç rəngdə təklif edilir.

 

Yeni qurğunun klavişləri əksər kompüter klaviaturalarında olduğu kimi, dairəvi formaya malik deyil. Düymələr üzərindəki simvollar lazer texnologiyasından istifadə edilməklə həkk olunub ki, bu da onları daha aydın göstərir və davamlı edir.

 

Masaüstü və ya planşet kompüterə qoşulmaq üçün “MIIIW Air 85 Bluetooth Dual-mode” klaviaturasında simsiz rabitədən istifadə olunub: quraşdırılmış “Bluetooth” modulu və ya ayrıca “USB” çıxışı vasitəsilə həyata keçirilir. Bu iş rejimləri arasında keçid etmək üçün ayrıca düymələr nəzərdə tutulub. “Xiaomi” klaviaturası masaüstü “Windows” və “MacOS”, eləcə də “Android” və “iOS” mobil əməliyyat sistemləri ilə işi dəstəkləyir.

 

Kompakt “MIIIW Air 85 Bluetooth Dual-mode” klaviaturasının qiyməti 22 dollar təşkil edir. Hazırda qurğunu “Xiaomi Youpin” saytından əldə etmək mümkündür.

 

Nizam Nuriyev






15/04/20    Çap et