"Google" şirkəti Hindistan və İtaliyanı birləşdirməklə İsraildən keçəcək 400 milyon dollar dəyərində "Blue-Raman" adlı yeni fiber-optik kabel xətti çəkməyi planlaşdırır. Kabelin 2022-ci ildə İsrailə çatacağı gözlənilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, kabelin Hindistanın Nobel mükafatı laureatı Venkat Ramanın şərəfinə adlandırılan və "Omantel" şirkəti tərəfindən hazırlanan "Raman" hissəsi Mumbayda başlayacaq, daha sonra Hind okeanının dibi və hələlik adı açıqlanmayan ölkənin (böyük ehtimalla Səudiyyə Ərəbistanı) ərazisi ilə İordaniyanın Aqaba limanınadək çəkiləcək.
Məlumata görə, burada "Raman" kabelin "Sparkle Telecom Italia" şirkəti tərəfindən hazırlanan və İsrail ərazisi və Aralıq dənizi boyunca keçməklə İtaliyanın Genuya şəhərinədək uzanacaq "Blue" adlı digər hissəsini bir-biri ilə birləşdirəcək. Bununla "Google" İsraili Yaxın Şərqdə birləşdirici nöqtə kimi istifadə etməklə çoxlu sualtı kabellərin çəkildiyi Misirdən yan keçəcək.
Sahə üzrə ekspert Sunik Taqar qeyd edib ki, kabelin Misirdən çəkilməsi çox baha olacaq, çünki ölkə bunun üçün əlavə ödəniş istəyir. "Bu kabel İsraildən keçən marşrutların maksimum müxtəlifliyini təmin etməklə yanaşı, Asiyadan Avropaya trafik tarifini minimum 50 faiz endirəcək", – ekspert vurğulayıb.
Onun fikrincə, fiber-optik kabel xəttinin çəkilməsi üçün başqa səbəb də var. Belə ki, ötən il Hindistanın "Reliance Jio Infocomm" telekommunikasiya şirkəti "Microsoft" korporasiyası ilə tərəfdaşlıq haqqında saziş imzaladıqdan sonra "Google"dan Mumbay və Çennay şəhərlərini Sinqapurla birləşdirəcək "India-Asia-Xpress" (IAX) kabelindən istifadə üçün daha yüksək ödəniş tələb edib.
Nizam Nuriyev