Mütəxəssislər smartfonun kamerası ilə müqayisədə insan gözünün təsvir ölçüsünü təxminən 500 meqapiksel qiymətləndirirlər ki, bu da bütün müasir cihazlardan üstündür. Amma tezliklə vəziyyət dəyişə bilər: "Samsung" şirkəti sənaye üçün rekord təsvir ölçüsünə malik sensor təqdim etmək niyyətindədir.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Samsung Electronics" şirkətində "System LSI Business" bölməsinin icraçı rəhbəri Yonqin Pak deyib ki, şirkət 600 mp-lik kamera sensorları hazırlamağı planlaşdırır. Onun sözlərinə görə, təsvir ölçüsü ilə pikselin ölçüsü arasında balans yaratmaq çətin məsələdir, çünki sonuncunun kiçildilməsi təsvirin keyfiyyətini azalda bilər. Bu vəziyyəti düzəltmək üçün istehsalçı qonşu piksellərin birləşdirilməsi texnologiyasını təkmilləşdirəcək.
İlk 600 meqapiksellik sensorların smartfonlarda deyil, sürücüsüz idarə olunan təyyarə, "ağıllı" avtomobil və bəzi "Əşyalar interneti" qurğularında tətbiq ediləcəyi gözlənilir.
Emil Hüseynov