"Samsung" şirkəti "Galaxy S20 Ultra" smartfonunun ekranının işi ilə bağlı yayılmış problemin mövcudluğunu etiraf edib. Şirkət nasazlığın aradan qaldırılacağını bəyan edib. Bu barədə "SamMobile" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, bəyanata görə, şirkət qurğunun ekranında yaşıl işıqlanmanın əmələ gəlməsi problemindən xəbərdardır. "Biz düzəliş yeniləməsini mümkün qədər tez təqdim etməyi planlaşdırırıq", – şirkət nümayəndəsi qeyd edib. Bəyanatda vurğulanır ki, displeydə problem məhdud sayda qurğularla əlaqədardır. Sistem yeniləməsinin dəqiq buraxılış tarixi barədə məlumat verilmir.
Jurnalistlər qeyd edib ki, "Samsung", həmçinin nasazlığa səbəb olması ehtimal edilən ən son sistem yeniləmələrindən birini ləğv edib. Nəşr "Galaxy S20 Ultra" ekranlarında səhv rəngvermə problemi ilə əlaqədar çoxsaylı şikayətlərə diqqət yetirib.
İstifadəçilər aktual "Samsung" smartfonunun ekranında yaşıl işıqlanmanın yaranması problemi ilə aprelin ortalarında rastlaşıblar. Onların sözlərinə görə, qurğunun displeyinin bir neçə yerində yaşıl rəngli işıq görünməyə başlayıb. Nasazlıqlar qurğu 120 QHs ekran yeniləməsi tezliyi, 25 faizdən çox parlaqlıq və az akkumulyator enerjisi ilə işləyən zaman yaranmağa başlayıb.
Bundan əvvəl "Galaxy S20 Ultra" istifadəçiləri qurğuların avtonom iş müddətini azaldan yüksək qızmadan şikayət ediblər. Jurnalistlərin fikrincə, problemlərin bir qismini sistem yeniləməsi ilə aradan qaldırmaq mümkündür, digəri isə Avropa bazarında satılan "Samsung" smartfonlarında istifadə edilən "Exynos 990" çipi ilə əlaqədardır.
Nizam Nuriyev