“Google”da süni intellekt laboratoriyasının liderlərindən biri və “Sycamore” kvant kompüterinin yaradıcılarından biri professor Con Martinis şirkəti tərk edib. Bu haqda “Wired” yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, "mənim peşəkar karyeramın əsas məqsədi kvant kompüteri əldə etmək istəyənlər üçün onu yaratmaqdır. Buna görə də şirkətdən ayrılmaq qərarımın bütün iştirakçılar üçün ən optimal olduğunu düşünürəm" – Martinis “Wired” nəşrinə müsahibəsində deyib.
Martinis 2014-cü ildə “Google”un kvant intellekt laboratoriyasına qoşulub və praktik məsələləri həll etmək üçün nəzərdə tutulmuş ilk "faydalı" kvant kompüterinin yaradılması üzərində işləməyə başlayıb.
2017-ci ilin yayında Martinis və onun komandası işini ənənəvi hesablama maşınlarının köməyi ilə həll etmək mümkün olmayan kvant kompüterinin yaradılmasına yaxın olduqlarını elan ediblər.
“Google”un mütəxəssisləri yalnız 2019-cu ilin oktyabrında bu nailiyyət haqqında məlumat veriblər: onlar 53 kubitlik “Sycamore” kvant kompüterinin köməyi ilə "həlli qeyri-mümkün olan" tapşırığı həll ediblər.
“Wired” nəşri yazır ki, bu hadisədən dərhal sonra “Google” rəhbərliyi Martinisi vəzifəsindən azad edərək onu məsləhətçi vəzifəsinə keçirməklə bağlı qərar verib. Alimin sözlərinə görə, buna görə onunla “Google”un kvant layihəsinin banisi Hartmut Neven arasında fikir ayrılığı yaranıb və bu, Martinisi layihəni tərk etməyə məcbur edib.
Emil Hüseynov