“Samsung Electronics” şirkəti “Apple Music” əlavəsini “ağıllı” televizorlar üçün platformada istifadəyə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, istehsalçının məlumatına görə, hazırda 100-dən çox ölkənin istifadəçiləri “Apple Music” proqramının musiqisini bilavasitə “Samsung” televizorlarında dinləyə bilərlər.
Əlavə 2018-ci il və daha yeni “Samsung” “ağıllı” televizor modellərində əlçatandır. İstifadəçilər dinləmək üçün servisin 60 milyondan çox kompozisiyadan ibarət kataloqundan musiqi nömrələri seçə bilərlər. Bundan başqa, gündəlik fərdi tövsiyələr və “Beats 1” ümumdünya radiosundan yararlanmaq mümkündür.
“At Home with Apple Music” bölməsində yeni musiqi parçaları, musiqiçilərlə “FaceTime” qrup çatları, xüsusi müsahibələr, videokliplər və özünütəcrid dövründə digər aktual kontent təklif edilir.
“Apple Music” əlavəsini “SmartHub” interfeysinin “Apps” bölməsində yüklədikdən sonra mövcud hesaba “Apple ID” sistemi vasitəsilə daxil olmaq və ya televizor ekranında yeni hesab yaratmaq tələb olunacaq. İstifadəçilərə əlavədən 3 ay müddətinə pulsuz istifadə təklif edilir.
Nizam Nuriyev