"Xiaomi" üçün eksklüziv daşınan texnologiyalar tədarükçüsü – "Huami Technology" şirkəti "Amazfit Bip Lite 1S" adlı yeni "ağıllı" saatın təqdimatına hazırlaşır.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğu "Bip Lite" seriyalı "ağıllı" saatların yeni versiyasıdır. İnternetdə qurğunun dizaynı haqqında ətraflı məlumatlar dərc edilməyə başlanıb. Saatda kvadrat forma və şüşə qalınlığı kənarlarda tədricən azalan "2.5D" ekran saxlanılacaq.
Bildirilir ki, daşınan qurğu açıq havada idmanla məşğul olmaq üçün nəzərdə tutulub. Bununla belə, "ağıllı" saatın əsas fərqləndirici cəhəti akkumulyatorun iş vaxtı olacaq. Enerjiyə qənaətcil displeydən istifadə sayəsində saatın akkumulyatoru qurğunu 30 günədək avtonom iş vaxtı ilə təmin edəcək.
"Amazfit Bip Lite 1S" "ağıllı" saatı barometr, kompas və "IP68" standartı üzrə rütubət və tozdan mühafizə ilə təchiz olunub.
Qurğu "QQ", "WeChat" messencerlərindən bildirişlərin, eləcə də SMS-lərin göndərilməsini dəstəkləyir. Bundan başqa, saat vasitəsilə "Xiaomi" smartfonlarının ekranlarını blokdan çıxarmaq mümkün olacaq.
Qeyd edək ki, "Huami" şirkəti yeni "Amazfit Bip" "ağıllı" saatlar seriyasını 2018-ci ildə buraxıb. Ötən il model sırasına "Bip Lite" əlavə olunub. Bu ilin əvvəlində şirkət "Amazfit Bip S" modelini, eləcə də "Amazfit PowerBuds" simsiz qulaqcığını təqdim edib. Bundan əlavə, ilin əvvəlində "Huami" şirkəti "Indiegogo" saytında elastik ekranlı "Amazfit X" "ağıllı" saat konsepsiyası üçün vəsait toplanışına başlayıb.
Nizam Nuriyev