“Kenna Security” şirkətinin mütəxəssisləri müxtəlif əməliyyat sistemlərində boşluqların sayının analizini aparıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən 450 təşkilatda 9 milyon sistem təhlil edilib. Analizə mobil qurğular daxil olmadığından ən həssas platformalar arasında “Windows 10” (25,3 faiz), “Linux” (13,1 faiz), “Cisco” (11,2 faiz), “Windows 7” (9,0 faiz) və “Windows 2012” (6,6 faiz) yer alıb.
Məlum olub ki, şirkətlərin yarısında qurğuların 85 faizi “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyib. “Windows” sistemli fərdi kompüterlərdə 215 milyon boşluq mövcud olub ki, bunun da 179 milyonu aradan qaldırılıb. Əməliyyat sistemində aradan qaldırılmayan səhvlərin sayı (36 milyon) “Linux”, “macOS” və “Unix” sistemli qurğularda problemlərin ümumi sayını üstələyir. “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə orta hesabla 14, “Windows 7” sistemli kompüterlərdə isə 18 boşluq aşkarlanıb.
Bildirilir ki, “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemində hər ay təqribən 199 boşluq aşkarlandığı halda “macOS”, “Linux” və şəbəkə qurğularında bu göstərici müvafiq olaraq 32, 27 və 4 təşkil edib. Bu, həm əməliyyat sistemindəki əlavələrə, həm də boşluqlara aiddir. Bu səbəbdən “Windows” problemlərin çoxu təkcə “Microsoft”a deyil, eyni zamanda kənar proqramlara şamil edilir. Beləliklə, “Windows” sistemlərinin 71 faizindən çoxu “Linux” (40 faiz), macOS (31 faiz) və şəbəkə qurğuları (30 faiz) ilə müqayisədə minimum bir təhlükəli boşluğa malikdir.
Digər tərəfdən, “Microsoft” şəbəkə qurğuları ilə müqayisədə səhvləri daha tez aradan qaldırır. “Windows” əməliyyat sistemində 200 boşluq üçün düzəlişlər orta hesabla 36 gün ərzində buraxıldığı halda şəbəkə qurğularında təxminən 4 boşluq aşkarlanıb, onların aradan qaldırılması üçün 369 gün tələb olunub.
Nizam Nuriyev