Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mavic Air 2” dronu nümayiş olunub (VİDEO)


Çinin "DJI" şirkəti 2018-ci ilin əvvəlində özündə cəlbedici xüsusiyyətləri və nisbətən əlverişli qiyməti birləşdirməsi sayəsində populyarlıq qazanan "Mavic Air" bükülən pilotsuz uçuş aparatını təqdim etdikdən 2,5 il sonra "Mavic Air 2" kvadrokopterini buraxıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Mavic Air 2" əvvəlki modellə müqayisədə böyük və ağır olsa da, xarici görünüşünə görə fərqlənmir. Eyni zamanda "Mavic Air 2" texniki xüsusiyyətlərinə görə "Mavic Air" modelindən çox fərqlənir. Belə ki, dron havada 34 dəqiqəyədək qala bilir.

 

"Mavic Air 2" kvadrokopterinin kamerası 48 meqapikselli böyüdülmüş sensorla təchiz edilib. Dron avtomatik 12 meqapikselli, eləcə də tam təsvir ölçülü fotoşəkillər çəkir. Pilotsuz uçan aparatın kamerası saniyədə 60 kadr tezliyində "4K" formatlı videolar çəkir və "HDR" rejimində videoçəkilişi dəstəkləyir. Kameranın proqram təminatı müxtəlif çəkiliş şəraitini müəyyənləşdirə və onlara uyğunlaşa bilir. Həmçinin avtomatik uçuş rejimi alqoritmləri və maneələrin aradan qaldırılması sistemi təkmilləşdirilib.

 

Bundan başqa, "Mavic Air 2" yaxınlıqda digər uçuş aparatlarının olması barədə xəbərdarlıq edən "AirSense" texnologiyasını dəstəkləyən ilk drondur. Bu sistem ilkin mərhələdə yalnız Şimali Amerikada işləyəcək. Gələcəkdə isə şirkət tərəfindən "AirSense" dəstəkli dronların digər regionlara da tədarükü nəzərdə tutulur.

 

Hazırda "DJI Mavic Air 2" dronu üçün ilkin sifarişlərin qəbulu aparılır. ABŞ-da pilotsuz uçan aparatın baza versiyası mayın 11-dən etibarən 799 dollara satışa çıxarılacaq. Çanta, kamera üçün filtrlər, propellər qoruyucusu, enerjidoldurma mərkəzi və üç akkumulyatorun daxil olduğu dəstin qiyməti 988 dollar təşkil edəcək.

 

Nizam Nuriyev

 

 






29/04/20    Çap et