“Facebook” sosial şəbəkəsi bu yaxınlarda “Gowalla” geolokasiya startapını satın alıb.Bu barədə “Gowalla” daxilindəki mənbələrə istinadən “CNN Money” nəşri məlumat yayıb. “Facebook” və “Gowalla” nümayəndələri bu informasiyanı şərh etməkdən imtina ediblər.
“Gowalla” startapının bütün əməkdaşları startapın banisi Coşa Uilyams daxil olmaqla, “Facebook”un Palo-Altoda yerləşən ofisində işləməyə başlayacaqlar. Onlar “Facebook Timeline” funksiyası üzərində işləyəcəklər. Qeyd edək ki, bu funksiya cari il “F8” konfransında təqdim edilib.
“Gowalla” startapı ilk dəfə 2009-cu ildə istifadəyə verilib və o vaxtdan etibarən 10,4 milyon dollar dəyərində investisiya cəlb edə bilib. Bu xidmət digər geolokasiya startapı “Foursquare”-nin əsas rəqiblərindən biri idi. Lakin “Foursquare” populyarlığa görə “Gowalla”-nı əhəmiyyətli dərəcədə ötməyi bacarıb.