Çində "Microsoft" şirkətinin indiyədək işıq üzü görməyən "Microsoft Lumia 960 XL" adlı sonuncu smartfonu satışa çıxarılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, smartfonun prototipinin hazırlanması sonuncu mərhələdə olsa da, müəyyən səbəblərə görə qurğu layihəsi ləğv edilib. Satış şirkəti nümayəndələrinin sözlərinə görə, onlar qurğunun işlək vəziyyətdə olan orijinal mühəndis nümunəsini əldə ediblər. Satışa çıxarılan smartfon "Windows 10 Mobile 1511" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
"Microsoft Lumia 960 XL" smartfonu "2К" təsvir ölçülü 5,5 düym diaqonallı ekran, "Qualcomm Snapdragon 820" prosessoru, 4 giqabaytlıq operativ yaddaş, 20 meqapikselli əsas kamera ilə təchiz edilib. Korpusu alüminiumdan hazırlanan qurğu "USB-C" portu, stereodinamiklər, qulaqcıq üçün çıxış, "microSD" formatlı yaddaş kartları üçün slot ilə təchiz edilib. Smartfonun qiyməti 5 min yuan (təxminən 706 dollar) təşkil edir.
Faktiki olaraq "Lumia" seriyalı sonuncu smartfon 2015-ci ilin noyabrında buraxılan "950 XL" qurğusu olub. Smartfon 5,7 düymlük ekran, "Snapdragon 820" prosessoru, 20 meqapikselli kamera, simsiz və əks enerjidoldurma dəstəkli akkumulyator ilə təchiz olunub.
Dekabrın 10-da "Microsoft" korporasiyası "Lumia" seriyalı smartfonların işlədiyi "Windows 10 Mobile" əməliyyat sisteminin quraşdırılmasını rəsmən dayandırıb. 2019-cu ilin sonundan uyğun smartfonların sahibləri əməliyyat sistemindən istifadəni davam etdirsələr də, onu digər qurğulara quraşdırmaq mümkün deyil. Bundan başqa, şirkət təhlükəsizlik yeniləmələrinin buraxılışını dayandırıb.
Nizam Nuriyev