Paytaxt Bakı ilə yanaşı, böyük şəhərlərdə dəmir yolu və avtovağzallarda informasiya köşkləri qurulacaq. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Bakıda Nəqliyyatın intellektual idarəetmə sistemi istifadəyə verildikdən sonra növbəti mərhələdə regionlarda bu layihə həyata keçiriləcək.
Artıq bununla əlaqədar Mingəçevirdə yerləşən Kür zavodu Nəqliyyat Nazirliyinə müraciət edib. Avtovağzallarda və dəmir yolu vağzallarında quraşdırılmaq üçün nəzərdə tutulan bu köşklərdə marşrutlar barədə məlumatlar yerləşdiriləcək.
Regionlarda müştərilər bu köşklər vasitəsilə marşrutun hərəkət istiqamətləri və vaxtı barədə məlumat ala biləcəklər. Kassa kimi işləyə bilən bu köşklərdən sərnişin özü marşrutdakı yerini seçə bilər. Sərnişin yerini müəyyənləşdirdikdən və tələb olunan bilet pulunu ödədikdən sonra ona qəbz təqdim edilir.
Qeyd edək ki, şirkət belə köşkləri şəhərin müxtəlif yerlərində də qurmağı planlaşdırır.