"Apple" şirkəti işdə və ya evdə uzun müddət qoruyucu maska taxan insanlar üçün rahat funksiya hazırlayıb. Belə ki, "Face ID" sistemi istifadəçilərə tibbi maska və ya respiratorlu sifəti tanımaq üçün edilən uğursuz cəhdləri aradan qaldıraraq dərhal PİN kodu daxil etməyi təklif edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, "iOS" əməliyyat sisteminin növbəti versiyasında istifadəçilər ekranın aşağı hissəsi üzərindən yuxarıya hərəkət etməklə parolu daxil edəcəklər. Bu imkan "Home" fiziki klavişi ilə təchiz edilməyən bütün "iPhone" smartfonlarına, o cümlədən "iPhone X", "Xs" və "11" modellərinə əlavə olunacaq.
Yeni funksiya ekranı sifətə görə tez-tez blokdan çıxaran istifadəçilər üçün faydalı olacaq. İndi yoluxma təhlükəsi ilə üzləşərək sifətə toxunmaq və maskanı aşağı salmağa ehtiyac qalmayacaq.
Tibbi maska və respiratorlar artıq "iOS 13.5" sisteminin beta versiyası tərəfindən tanınır. Stabil versiyanın buraxılışı yaxın həftələrə planlaşdırılır.
Nizam Nuriyev