Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone 5”-in xarakteristikası
“Bloomberg” informasiya agentliyi “Apple” şirkətinin istifadəyə hazırladığı yeni “iPhone” smartfonunun xarakteristikalarını dərc edib. İnformasiyanı şirkətə yaxın və anonim qalmağı istəyən 2 mənbə verib.
Məlumata görə, yeni “iPhone” 2 nüvəli A5 prosessoru əsasında olacaq. Analojı çip “iPad 2” planşetində istifadə olunur. Qurğu 8 meqapiksellik kamera ilə təchiz ediləcək və “iOS 5” əməliyyat sistemi ilə işləyəcək.
“Bloomberg”in məlumatına görə, şirkət qurğunu sentyabrda təqdim edəcək. Xarici görünüşünə görə o, sələfi – “iPhone 4” smartfonu ilə oxşar olacaq. Xatırladaq ki, “iPhone 4” 800 meqahers (MHz) tezlikli A4 prosessorundan istifadə edir və 5 meqapiksellik kamera ilə təchiz olunub.
İnformasiya agentliyi, həmçinin “Apple”in “iPad” planşetlərinin yeni nəslini testdən keçirdiyini bildirib. Qurğuların xarakteristikaları bildirilmir, amma onların daha yüksək kəskinlikli ekran ilə təchiz ediləcəyi qətiləşib.
Yeni smartfon haqqında şayiələr tez-tez bir-birinə zidd olur. Belə ki, iyun ayının 21-də BGR saytı "etibarlı mənbə”yə istinadən bildirib ki, “iPhone 5” avqustda istifadəyə veriləcək və xarici görünüşcə “iPhone 4”-dən əsaslı fərqlənəcək.
22/06/11 Çap et