“Samsung Galaxy S20 Ultra” smartfonu yalnız yüksək təsvir ölçülü (108 mp) əsas kamera deyil, həm də 40 mp-lik ön kamera ilə təchiz edilib. “DxOMark”ın mütəxəssisləri Cənubi Koreya şirkətinin qabaqcıl qurğusunun selfi çəkiliş və vloq yazıları üçün imkanlarını araşdırıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “DxOMark”ın mütəxəssisləri “Galaxy S20 Ultra” aparatının ön kamerası ilə çəkilmiş şəkillər əsasında sifətdə dəqiq ekspozisiyanı, geniş dinamik diapazonu, dəqiq avtofokusu, aşağı küy səviyyəsini, küçədə və otaqda yüksək detallaşdırmanı, portret rejimində kəskinliyin yaxşı müəyyənləşdirilməsi kimi xüsusiyyətləri qeyd ediblər. İstənilən işıqlandırma şəraitində qeyri-dəqiq ağ balansı, həmçinin rəng ötürülməsində cüzi yanlışlar çatışmazlıq kimi göstərilib.
Ön kamera ilə videoçəkiliş xüsusiyyətinə gəldikdə isə küçədə və otaqda çəkiliş vaxtı dəqiq ekspozisiya, yüksək detallaşdırma və zəngin rənglər üstünlük kimi göstərilib. İstənilən şəraitdə qeyri-sabit avtofokus, küçədə və otaqda çəkiliş vaxtı küy, ağ balansda cüzi problemlər çatışmazlıq kimi qeyd edilib.
Emil Hüseynov